Memorandumun məqsədi tələbələrin kapital bazarları barədə biliklərinin artırılması və maarifləndirilməsi, şəxsi inkişafa dair birgə təlimlərin təşkili imkanlarının dəyərləndirilməsi, tələbələrin xarici dil, mühasibat, proqramlaşdırma və analitika sahəsində yüksək ixtisaslı kadr olaraq hazırlanmasında birgə əməkdaşlıq etməkdir.
Əməkdaşlıq məqsədi ilə tərəflərin iştirakı ilə "BEST RANK - Şəxsi inkişaf mərkəzi" layihəsinin icra edilməsi əsas hədəf olaraq müəyyən edilmişdir. Layihə çərçivəsində tərəflərin təhsil və təlim-tədris istiqamətdə inkişafyönümlü əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə müxtəlif sahələrdə müştərək proqramların hazırlanması, informasiya mübadiləsi və müvafiq layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək. Əməkdaşlıq çərçivəsində layihədə iştirak etmiş şəxslərin MİBS-in rəqəmsal sahədə yerli və beynəlxalq təcrübəyə malik komandası ilə birgə rəqəmsal texnalogiyalar sahəsində təcrübə əldə etməsini imkanı yaradılacaq. Bundan əlavə, "BEST RANK - Şəxsi inkişaf mərkəzi" layihəsinə MİBS-in fəaliyyəti istiqamətlərində əməkdaşlıq etdikləri digər şirkətlərin ehtiyaclarına uyğun olaraq, ixtisaslaşmış ekspertləri tərəfindən təlimlərin keçirilməsi və konfrasların təşkili, habelə həmin şirkətlərdə də təcrübə keçmək imkanlarının təşkil edilməsi nəzərdə tutulub.